Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin ümumi yığıncağı keçirilmişdir.Yığıncaq iştirakçıları yeni İdarə Heyəti seçmişlər. Yığıncağın yekununda Başlıbel kənd sakinlərinə müraciət qəbul edilmişdir. Müraciəti saytımızın oxucularının nəzərinə çatdırırıq.
BAŞLIBEL KƏND SAKİNLƏRİNƏ
M Ü R A C İ Ə T
Əziz həmkəndlilərimiz,hörmətli başlıbel sakinləri!
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsi nəticəsində otuz ilə yaxın düşmənlərimizin işğalı altında qalan torpaqlarımızın işğaldan azad edilməsi və azad olunan torpaqlarımızda dövlətimizin quruculuq işlərinə başlaması yeni reallıqlar yaratmışdır. Bu reallıqlardan biri də məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılmasıdır.Azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparıldıqdan sonra dövlətimiz geniş miqyaslı abadlaşdırma işlərinə start vermişdir. Yaxın gələcəkdə doğma Kəlbəcərimizdə,eləcə də Başlıbelimizdə də yenidənqurma işlərinə start veriləcəkdir.
Əziz Başlıbel kənd sakinləri ! Dövlətimizin Başlıbldə görəcəyi quruculuq işlərinə Başlıbel kənd sakinlərinin maddi və mənəvi,eləcə də fiziki dəstəyini göstərmək üçün ötən il sentyabr ayınin 12-də bir qrup Başlıbel kənd fəallarının təşəbbüsü ilə Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi təsis edilmiş və Birliyin İşçi Qrupu tərəfindən Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin nizamnaməsi hazırlanaraq dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Sevindirici haldır ki, Başlıbel fəallarının bu təşəbbüsü dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək bu ilin aprelində Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi qeydiyyata alınmışdır. Artıq Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi hüquqi şəxs kimi özünün Şəhadətnaməsinə, möhürünə,nizamnaməsinə və digər vacib atributlara malikdir.Ötən bir il ərzində Birliyimizin fondu yaradılmış,vətənpərvər Başlıbel kənd sakinləri tərəfindən həmin fonda ianələr edilərək 7000 (Yeddi min ) manatdan çox pul yığılmışdır.Fonda yığılan puldan bu günədək, bir manat da olsun , xərclənməmişdir.
Əziz həmvətənlər ! Hamınıza yaxşı məlumdur ki, 30 ilə yaxın işğalda qaldığı dövrdə doğma kəndimiz mənfur düşmənlərimiz tərəfindən talan edilərək yandırılmış, yaşayış olmadığına görə yollarımız bərbad hala düşmüş , yollarımızın yerində keçilməz meşə əmələ gəlmiş,Tutquçay çayı 12 dəfə yolu kəsərək o üz-bu üzə keçmişdir.İşğaldan azad olunduqdan sonra Tirkeşəvənd kəndindən Başlıbelə qədər olan 12 kilometr məsafəni 4 saata yaxın vaxta getmək olurdu. Ötən il Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi təsis olunduqdan sonra Birliyimizin adından Respublika Prezidenti cənab İlham Əliyevə yollarımızın müvəqqəti gediş-gəliş üçün təmir olunmasına kömək etməyi xahiş edilmişdir.Bu müraciətin əməli nəticəsi olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Saleh Məmmədovun göstərişi ilə Tirkeşəvənd kəndində fəaliyyət göstərən Kolin İnşaat Şirkəti tərəfindən Başlıbelin yolunun müvəqqəti gediş-gəliş üçün yararlı hala salınmasından ötrü texnika ayrıldı. Həmin texnikanın köməyi ilə ,eləcə də on bir nəfərlik Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin işçi qrupunun maddi və fiziki köməyi ilə Tirkeşəvənd kəndindən Başlıbel şəhidlərinin məzarları yerləşən Portdaya qədər olan yol maşın getməsi üçün yararlı hala salındı,yol ətrafından yollara sallanaraq maşınların gediş-gəlişinə mane olan ağac budaqları və kol-kos təmizləndi,çayın məcrası on yerdə dəyişdirilərək yoldan kənarlaşdırıldı. Nəticədə,əvvəllər 4 saata yaxın getdiyimiz məsafəni təmirdən sonra 35 dəqiqəyə qət edirik. Yol çəkilişindən başqa, Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin işçi qrupunun üzvləri 10 metr uzunluğunda geniş bir mağar tikərək Başlıbel kənd sakini ,mərhum Babayev Bahadurun vəsiyyətinə əsasən onun oğlu Qoşqar Babayevin Birliyimizə bağışladığı 20 metrlik çadırla üstünü örtərək Başlıbelə gələnlər üçün istifadə olunacağını elan etdilər.
Əziz həmkəndlilərimiz,hörmətli başlıbellilər ! Biz, bütün Başlıbel kənd sakinləri kəndimizin abadlaşdırılmasında görəcəyi bütün işlərdə dövlətimizin yanında olmalı,əlimizdən gələn köməyi etməliyik. Başlıbeldə tikinti-quruculuq işlərinin başlanmasına müəyyən müddət vaxt lazım olduğundan biz həmkəndlilərimizin doğma ocaqlarını,əzizlərinin məzarlarını ziyarət etməsini asanlaşdırmaqdan ötəri ilkin planlarımız var : Kəndimizin ərazisində mobil şəbəkənin bərpa edilməsi üçün “Azersell Telekom” MMC-yə müraciətimiz müsbət qəbul edilib və göndərilən cavab məktubunda Başlıbel kəndi ərazisində 2023-cü ilin 2-ci rübündə ötürücü stansiyanın quraşdırılmasının planlaşdırıldığı bildirilmişdir. Bundan başqa, kəndimizdə müvəqqəti gecələmək üçün divarları sağlam qalan tikililərin birinin üstünü örtmək,qapı-pəncərəsini bərpa etmək , kəndimizin güneyində yerləşən sonuncu qəbiristanlığımaza avtomobil yolunu bərpa etmək , kənd qəbiristanlığını çəpərləmək yaxın gələcəyin planlarıdır. Gələcək planlarımızı isə dövlətimizin kəndimizdə aparacağı quruculuq işlərinə dəstək olmaqda və şəhidlərimizə layiq abidənin yaradılmasnda görürük. Odur ki, hər bir Başlıbel kənd sakinini Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinə üzv olmağa dəvət edirik.Gəlin , Başlıbelin inkişafı naminə birlikdə olaq ! Allah birliyimizi qorusun !