• Bz. May 26th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Ombudsman Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Apr 18, 2023

Loading

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Müraciətdə deyilir:

“Bu gün tarix boyu Ermənistanın Azərbaycana qarşı kəskin nifrət zəminində həyata keçirdiyi soyqırımı siyasətinin davamı olaraq 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamdan 30 il ötür.

İnsanlıq əleyhinə yönəlmiş bu qanlı soyqırımı cinayəti nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi müxtəlif ağır işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diri yandırılmışdır. Eyni zamanda kənd sakinləri arasında girov götürülənlər də olmuş və bugünədək itkin düşmüş hesab olunan həmin şəxslərin taleyi barədə heç bir məlumat yoxdur.

Bununla belə Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri də daxil olmaqla bütün infrastrukturu işğal dövründə tamamilə dağıdılaraq məhv edilmişdir.

Başlıbel kəndi işğal edilərkən həyatlarını xilas etmək üçün mağaraya sığınmaq məcburiyyətində qalmış 62 dinc sakinin yeri aşkarlandıqdan sonra onlar Ermənistan tərəfindən silahlı hücuma məruz qalaraq soyqırımı cinayətinin qurbanına çevrilmişlər.

Kəlbəcər rayonunun işğaldan azad edilməsi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin dəfn olunduğu yerin aşkar olunmasına zəmin yaratmış və onların qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirildikdən sonra ayrı-ayrı dəfn olunmuşdur.

Lakin çox təəssüflər olsun ki, dinc azərbaycanlıların Ermənistan tərəfindən məruz qaldığı bu kimi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlərə, habelə ölkəmizin tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməmişdir.

Bir daha dünya ictimaiyyətinə müraciət edərək, dinc azərbaycanlılara qarşı çoxsaylı cinayət əməllərini, o cümlədən Başlıbel qətliamını törətməklə fundamental insan hüquqlarının kobud şəkildə pozulmasında təqsirkar olan Ermənistan tərəfinin tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlı qəti addımların atılmasını tələb edirik”.

Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.

Bashlıbel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »