• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Prezident Ərdoğan Türkiyədən birbaşa Zəngilana gəldi

Okt 21, 2022

Loading

Oktyabrın 20-də Zəngilan rayonunun işğaldan azad olunmasından iki il keçdi. Əlamətdar günün ikinci ildönümü Azərbaycan üçün daha bir əlamətdar gün ilə tarixə düşdü. Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Açılış mərasimində iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib. Prezident Ərdoğanla birlikdə Türkiyənin milli müdafi naziri Hulusi Akar və sabiq baş nazir Binəli Yıldırımın da təmsil olunduğu geniş tərkibli nümayəndə heyəti də Zəngilana gəlib. Prezident Ərdoğanın təyyarəsi birbaşa Zəngilan Beynəlxalq Hava Limanına eniş edib. Qardaş ölkənin liderini Azərbaycan Prezidenti İlham Əliyev şəxsən qarşılayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentləri arasında maraqlı dialoq olub. Hava limanının açılış lentini kəsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qayçının qızıldan olub-olmadığını soruşub. Prezident Ərdoğan: İlham qardaşım, bu qızıldırmı?
Prezident İlham Əliyev: Qızıla bənzəyir. Ancaq siz ki kəsəcəksiniz, qızıldan da qiymətlidir…
Prezident Ərdoğan: Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun.
Daha sonra Türkiyə lideri kəsilən lenti qayçıya dolayaraq, Prezident İlham Əliyevdən bunu “götürə bilərəm?” deyə soruşub. Prezident İlham Əliyev isə cavabında bunun “gözəl bir xatirə” olacağını deyib.
Sonra Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin də açılışında iştirak ediblər. Sonra konsert proqramı təqdim olunub. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış ediblər.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Zəngəzur Dost” Ağır Atletika Klubunun açılışında da iştirak ediblər. Daha sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.
Prezidentlər Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin də təməlqoyma mərasimində iştirak ediblər. Mərasimdə əraziyə 15 baş ceyran buraxılıb.
Cəbrayıl şəhərində Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti arasında təkbətək görüş olduqdan sonra isə dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Türkiyə Prezidenti Ərdoğanın səfəri oktyabrın 20-də günün sonuna yaxın başa çatıb.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib. Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib. Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzində çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir il öncə də işğaldan azad edilən ərazilərimizə səfər etmişdi. Füzuli Beynəlxalq Hava Limanının açılışı üçün gələn qardaş ölkənin liderinin təyyarəsi Türkiyədən birbaşa Füzuliyə gəlmişdi.
Türkiyə Prezidentinin 20 oktyabr Zəngilan səfəri də iki ölkənin qardaşlığından başqa, bölgə ölkələrinə də mesaj sayılır. Siyasi analitiklər hesab edir ki, bölgədə əsas söz sahibi artıq Türkiyə və Azərbaycandır, ikinci Qarabağ müharibəsində qalibiyyət regionda Türkiyə Azərbaycan müttəfiqliyinin ən yüksək zirvəsidir. Bu müttəfiqlik məhz Şuşa Bəyannaməsi ilə rəsmiləşdi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təkcə iki türk dövlətinin qardaşlığını inkişaf etdirmir, həm də türk dünyasının birləşməsinə aparır. Türkiyə Prezidentinin təyyarəsinin bu dəfə Zəngilan Beynəlxalq Hava Limanına birbaşa enməsi təbii ki, həm də region ölkələrinə ciddi mesaj olmaqla yanaşı, dünyaya mesajdır. Bu addımlarla, hər şeydən əvvəl, bütün dünyaya o mesaj verilir ki, Türkiyə və Azərbaycanı təkcə din, dil, kök eyniliyi birləşdirmir, həm də hər iki dövlətin regionumuzun gələcəyi ilə bağlı baxışları, strategiyaları da eynidir, ortaqdır. Regionda yeni bir geosiyasi-geoiqtisadi və geostrateji nizam formalaşır və bunu Ankara-Bakı həyata keçirir. Biz regionda yeni bir platformanın yaradılmasının da şahidi olacağıq. Yeni regional bir avtomobil yolunun təməlinin atılması İstanbulla Mərkəzi Asiyanı birləşdirir və bu, Türkiyənin artıq beynəlxalq gücə çevrilməsini şərtləndirir. Türkiyə Prezidenti hər dəfə işğaldan azad edilmiş rayonlarımıza səfər edəndə bu səfərləri ilə Azərbaycanı meydanda tək qoymayacağını birmənalı nümayiş etdirir. Cənab Ərdoğan 44 günlük Qarabağ savaşının gedişində Azərbaycanı hədəf seçən güclərin önünə sipər olub onları neytrallaşdırdığı kimi, ondan sonrakı müddətdə də bölgədə qalıcı sülhün əldə edilməsində köməyini əsirgəmir. 2020-ci ilin dekabrında Bakıdakı Zəfər Paradına qatılmaqla və o paradda da Türkiyə hərbçilərinin ayrıca kolonla iştirakını təmin etməklə, bütün dünyaya o mesajı vermişdi ki, Türkiyə hər addımda Azərbaycanla birlikdədir, Azərbaycanla hərbi sahədə bir yerdədir və kimsə revanş həvəsinə düşməsin. Ardınca da 15 iyunda Şuşaya gəlməklə və Azərbaycanla bütün sahələr üzrə müttəfiqiliyin bəyanı olan Şuşa Bəyannaməsini imzalamaqla erməni revanşistlərin mövqeyinə növbəti ağır zərbəni vurmuşdu. Keçən ilin 26 oktyabrında birbaşa işğaldan azad edilmiş Füzuliyə və Zəngilana gəlməklə, təyyarəsini birbaşa Füzuli limanına endirməklə və Zəngəzur dəhlizinin əsas hissəsi olacaq yolun təməlini atmaqla, göstərmişdi ki, Türkiyə Qarabağdakı tikinti-quruculuq işlərində də rola sahibdir, bölgənin inkişafında və nəqliyyat-kommunikasiya əlaqələrinin tezliklə işə düşməsində maraqlıdır. Növbəti səfərin indi Zəngilan Beynəlxalq Hava Limanının açılışında gerçəkləşdirilməsi bu, möhtəşəm ənənənin davamıdır. Bu səfərin İranın Azərbaycanla sərhəddə böyük miqyaslı hərbi təlimlər keçirdiyi bir vaxtda reallaşdırılmasının da xüsusi mənasının olduğunu qeyd etmək lazımdır.
Etibar Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »