QARDAŞIM
Getdi birdəfəlik, vətəndə qaldı,
Bir başı dumanlı dağdır qardaşım.
Düşmən qabağından qorxub qaçmadı,
El içində üzü ağdır qardaşım.
Deyin görüm, dan yerimi sökülən?
Nə leysandır göydən yerə tökülən?
Sinəmizə-çalın-çarpaz çəkilən,
Sağalmaz yaradır-dağdır qardaşım.
Boranlı,çovğunlu sərt qışa döndü,
Ahu-zara döndü, qarğışa döndü.
“İntiqam” deyilən bir daşa döndü,
Düşmənin başına yağdı qardaşım.
Qurub yaratdığı elində qaldı,
Çəkdiyi zəhmətlər əlində qaldı.
İstəyi, arzusu dilində qaldı,
Dərdi ürəyində boğdu qardaşım.
Niyə yaşayıram, ölmürəm niyə?!
Özümü dörd yerə bölmürəm niyə?
Ürəyim dağlanır, bilmirəm niyə?
Deyirəm, bəlkə də sağdır qardaşım.
Yayından atılmış oxuymuş bəlkə,
Heç vaxt çəkilməyən qoxuymuş bəlkə.
Doyulmaz bir şirin yuxuymuş bəlkə,
İnana bilmirəm yoxdur qardaşım.
Dözüb gözləməyə ömür də yoxdur,
Təsəlli tapmağa səbr də yoxdur.
Gedib ağlamağa qəbir də yoxdur,
Yerə endi, göyə çıxdı qardaşım.
Ürəyim donubdur sal buzlar kimi,
Ağlayıb susuram yalqızlar kimi.
Göylərdə sayrışan ulduzlar kimi,
Qəfil yoxa çıxdı, axdı qardaşım.
Məhərrəm Süleymanov
(I Qarabağ müharibəsində itkin düşmüş qardaşı Bəhmən Süleymanovun əziz xatirəsinə)
Allah Məhərrəmə də, Bəhmənə də rəhmət eləsin ! Məkanları cənnət olsun !
Allah Bəhmən qardaşımıza, Məhərrəmə,eləcə də bütün şəhidlərimizə rəhmət eləsin!