![]()
Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hücumlar davam edir. Rusiya ordusu növbəti dəfə Ukraynanın paytaxtı Kiyev və ətraf ərazilərə raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Bashlibel.az Manset.az-a istinadən xəbər verir ki, hücumlar nəticəsində 11 nəfərin həlak olduğu, 46 nəfərin isə yaralandığı bildirilir.
Kiyev meri Vitali Kliçko sosial media hesabında paylaşdığı videomüraciətdə gecə saatlarında həyata keçirilən hava hücumunun nəticələri barədə məlumat verib.
Onun sözlərinə görə, paytaxtın dörd rayonunda dağıntılar qeydə alınıb.
Mer əlavə edib ki, axtarış-xilasetmə əməliyyatları davam edir və hücumdan ən çox zərər çəkən ərazi Podil rayonu olub.
Kliçko daha əvvəl, yerli vaxtla saat 02:45-dən etibarən Kiyevin hava hücumuna məruz qaldığını açıqlamışdı.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko da əvvəlki açıqlamasında davam edən hücumlar nəticəsində ilkin məlumata görə 3 nəfərin öldüyünü, 25 nəfərin yaralandığını bildirmişdi. Daha sonra rəsmi qurumlar itkilərin sayının artdığını açıqlayıblar.