Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə 8 aprel 2023-cü il tarixində Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi şəhidi, tabor komandiri Baş leytenant Mahir Quliyevin və döyüşçü dostu elə yanaşı dəfn edilmiş Əslən Zəngəzur mahalının Qafan rayonundan olan Ramazanov Firuddin Bəhram oglunun anım günləri tədbiri keçirildi.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək Şəhid Mahir Quliyevin keçdiyi döyüş yolundan və qəhrəmanlığından danışdı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Bildirdi ki, dövlətimiz şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərərək, şəhid ailələrinin yanında olub.
Millət vəkili Aqil Məmmədov çıxış edərək belə tədbirlərin mütəmadi keçirilməli olduğunu, vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışmışdır. Bildirmişdir ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürur mənbəyimiz olmuş və belə də olacaqdır. 44 gün davam edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən, otuz il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışdı. Bildirdi ki, döyüş meydanında Mahir kimi, vətənpərvər qəhrəman oğullarımızın göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Mahirin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıb.
Ziyalılardan Şəhid atası, əməkdar müəllim Mirsəyyaf Zamanlı, Vahid Həsənov, Cəfər Bağırov, Filologiya elmləri üzrə fəlsəfə doktoru İlham Məmmədli, BDU-nun müəllimi, tarixçi Ramiz Nəcəfov, jurnalist araşdırmaçı Elxan Salahov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Dəlidağ” qəzetinin baş redaktoru Namiq Dəlidağlı, şair Adil Həmid, Daşqın Ziyəddinoğlu, Qarabağ qazisi,keçmiş birqada komandiri peşəkar hərbiçi Balay Nəsibov, -“Başlıbelin İnkişafına Dəstək”İctimai Birliyinin sədri Vuqar Həşimov və təşkilatın təsisçisi Nürəddin Həşimov, Şəhid Ülfət Kərimovun qardaşı Zöhrab Kərimov, Vətən müharibəsi şəhidi, Qarabağ ordenli mayor Azər Mikayılovun qardaşı Anar Mikayılov, tədqiqatçı jurnalist Ədil Arifoğlu, Zöhrab Şirinov, Müzəffər Əliyev, Rövşən Hüseynov, Şəhid Ramazanov Firuddin Bəhram oglunun anası, ailə üzvləri və digərləri şəhidlərin keçdiyi həyat yolundan və qəhrəmanlığlarından söz açaraq, qəhrəman döyüşçülərlə bağlı xatirələrini bölüşdülər. Qeyd etdilər ki, Quliyev Mahir İbrahim oğlu 14 mart 1969-cu ildə Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Ali Hərbi Ümumqoşun məktəbinə daxil olmuş və oranı bitirdikdən sonra hərbi xidmətini Rusiyanın Samara şəhərində davam etdirmişdir. 1991-ci ildə Vətənə dönmüş və “Goranboy batalyonu”nda xidmət etməklə Goranboy, Ağdərə, Tərtər bölgələrinin erməni işğalçılarından azad edilməsində iştirak etmiş, hərbi bacarığı ilə seçilmişdir. 1992-ci ildən “Əfsanəvi alayda tabor komandiri təyin edilmiş Azərbaycan Ordusunun zabiti kimi döyüşlərin ən gərgin nöqtələrinə atılmışdır. Keçmiş Ağcakənd rayonunun yağılardan təmizlənməsində, Laçının, Füzulinin, Xocavəndin, Kəlbəcərin müdafiəsində baş leytenant Mahir Quliyevin dəstəsi xüsusi fəallıq və əzmkarlıq nümunələri göstərmiş, Laçın bölgəsindəki döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 8 aprel 1993-cü ildə Murovdağın ətəyində Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Sonda çıxış edən şəhid Mahir Quliyevin qardaşı, əməkdar jurnalist Əlövsət Ağalarov tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, qeyd etdi ki, bu günə şükürlər olsun ki, 27 sentyabr 2020-ci ildən başlayan 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımız şəhidlərimizin qisasını aldılar.
Bashlibel.az
Allah cəmi şəhidlərimizə rəhmət eləsin