Sentyabrın 13-də qanunsuz rejimin oyuncaq başçısı Samvel Şahramanyan saxta “milli təhlükəsizlik xidməti”ndə olub.
Bashlibel.az Müsavat.com-a istinadən məlumat verir. Baş separatçı orada “departamentin mərkəzi aparatı”nın rəhbər heyəti və yüksək vəzifəli şəxsləri ilə görüşüb.
Şahramanyan xarici və daxili çağırışlara, eləcə də hadisələrin mümkün inkişaflarına toxunub. Bildirib ki, bu həlledici dövrdə koordinasiyalı iş aparmaq, xarici çağırışlara səmərəli şəkildə qarşı çıxmaq, “ölkə”də daxili sabitliyi və qanunun aliliyini qorumaq lazımdır.
Erməni mediası yazır ki, sentyabrın 12-də Samvel Şahramanyan “müdafiə nazirliyi”ndə olub və qondarma qurumun “təhlükəsizlik qüvvələrinin rəhbərliyi” ilə görüş keçirib.
Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.
Bu məlumatlar separatçı rejimin növbəti təxribatlara hazırlaşdığını təsdiqləyir. Təsadüfi deyil ki, bu gün günorta radələrində qanunsuz silahlı birləşmələr Ağdam istiqamətində hərbçilərimizə atəş açıblar.
Bashlibel.az