Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin doğum günüdür. Ruhun qarşısında baş əyirik Şəhidim
Vətən müharibəsində döyüşən cəsur komandirlərdən biri də şəhid Anar Əliyev olub. Anar Əliyev 1980-ci avqustun 28 də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Atası və anası ingilis dili müəllimi işlədiyi üçün onun 1 yaşı olanda onlar təyinatla Ağdərə rayonunun Göyarx kəndinə köçüblər. Bir müddət orada yaşayıblar. Anar Əliyev ilk təhsilini də bu kənddə alıb.
1988-ci ildə məcburi köçkün kimi Tərtər rayonunun Bəyimsarov kəndinə gəliblər. Təhsilini burada davam etdirib. Kiçik yaşlarından hərbə böyük marağı olan Anar Əliyev, ali təhsilini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində alıb. Azərbaycan Ordusunun zabiti iş həyatına başladığı gündən yalnız kəşfiyyat briqadasının tərkibində yer alıb. İlk dəfə 2001-ci ildə Bakıda N saylı kəşfiyyat briqadasında leytenant kimi işə başlayıb. Sonra təyinini Salyan rayonuna alıb. Şəhadətə ucalan günə kimi isə (6 il) xidmətini Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində davam etdirib.
Anar Əliyev 2008-ci ilin yanvar ayında kapitan, 2012-ci ilin iyununda mayor, 2015-ci ilin iyununda vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alıb. 5 dil (azərbaycan, türk, ingilis, rus, erməni) bilən Azərbaycan Ordusunun yüksək rütbəli zabiti mütəmadi olaraq xarici ölkələrdə kurslarda təlimərdə iştirak edib. O, hər dəfə bu sahədə özünü daha çox yetişdirib.
2019-cu ildə keçirilən Beynəlxalq Qars təlimində xüsusi təyinatlılara rəhbərliyi Anar Əliyev edib. Həmin təlimdə Azərbaycan birincilik əldə edib.
Anar müharibəyə Naxçıvandan oktyabrın 11-i gedib. Döyüşə Füzuli istiqamətindən başlayıblar. Hadrut, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan istiqamətlərində irəliləyiblər. Ən çətin yüksəkliklərin azad olunmasına özü şəxsən öndə gedərək rəhbərlik edib. Sonuncu döyüşü isə Xocavəndin Tuğ yüksəkliyi olub. Anar əvvəl qolundan, sonra göz nahiyəsindən yaralanıb. Yaralı halda 2-3 saat qalıb. Yenə də tapşırıq verib ki, yüksəkliyi düşmənə verməyin. Anar 2018-ci ildə Naxçıvanda gedən “Günnüt” döyüşündə də iştirak edib. Həmin vaxt 3 ay evə gəlməmişdi. O, olduqca mərhəmətli, xeyirxah, mehriban, şərəfi, namusu mənliyi olan əsl insan, qəlbində Vətənə böyük sevgisi olan zabit idi. Bilirsiz onun haqqında günlərlə danışsaq qurtarmaz. Mən, onun ailəsi qohumları, iş yoldaşları, dostları onunla qürur duyuruq. Bu gün kimlərsə övladları üçün bahalı maşın, pullar, ev qoyub gedir. Amma Anar öz övladlarına, hətta gələcək nəsilinə milyonla pulun ala bilməyəcəyi, bitməyən sərvət “qəhrəman”lıq adı qoyub gedib. Hər zaman başımız ucadır”.
Qeyd edək ki, Vətən Müharibəsindəki yolçuluğu cəmi 10 gün davam etsə də, döyüşlərdə böyük şücaət göstərdiyi üçün Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən Anar Əliyev, “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda” və “Şuşanın işğaldan azad olunması” medalları ilə təltif olunub.
Polkovnik-leytenant Anar Əliyev ikinci Fəxri Xiyabanda dəfn olunub.
Anar Əliyevin xidməti boyunca aldığı medallar
III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı,
III dərəcəli “Qüsursuz xidmətə görə” medalı,
II dərəcəli “Qüsursuz xidmətə görə” medalı,
“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı,
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı,
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı,
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı,
“Vətən uğrunda” medalı
2018-ci ildə Naxçıvanda gedən “Günnüt” döyüşündə göstərdiyi qəhrəmanlığa görə o, “Şücayətə görə” medalı.
Bashlibel.az