Yanvarın 27-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Ümumi yığıncağı keçirilib. Ümumi Yığıncaqda İctimai Birliyin üzvləri, Kəlbəcər rayonunun Başlıbel kəndindən olan ziyalılar və ağsaqqallar iştirak edib.
Bashlibel.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi sayğı duruşu ilə yad edildi.
Birliyin sədri Vüqar Həşimov Ümumi Yığıncağının keçirilmə səbəbləri barədə, həmçinin növbədənkənar Prezident seçkisinin əhəmiyyəti haqda məlumat verdi və Yığıncağın gündəliyini təqdim etdi.
Vüqar Həşimov bildirdi ki, gündəlikdə aşağıdakı məsələlər öz əksini tapıb:
- Birliyin 2023-cü ildə həyata keçirdiyi işlər və fəaliyyəti barədə məlumatın verilməsi,
- Birliyin 2024-cü ildə fəaliyyət planı barədə informasiya verilməsi,
- Birliyin Ağsaqqallar Şurasının yardılması,
- 7 fevral növbədənkənar Prezident seçkilərində aktiv iştirak etmək, seçkidə Prezidentliyə namizəd İlham Əliyevə səs verməklə bağlı müraciət qəbul edilməsi.
2023-cü ildə Birliyin həyata keçirdiyi işlər barədə Xalid Kazımov ətraflı məlumat verib.
2024-cü il üçün Birliyin planları haqda isə sədr müavini Nurəddin Həşimov Ümumi Yığıncaq iştirakçılarını məlumatlandırıb.
Sonra iştirakçıların sualları və təklifləri dinlənilib. Birliyin üzvü Mayıl Həsənov kəndi ziyarətə gedənlərin gecələməsi üçün uyğun tikililərdən birinin üstünün örtülüb nisbətən yararlı hala gətirilməsi təklifini verib.
Birliyin üzvü Hüseyn Mirzəyev Birliyin Gənclər Təşkilatının formalaşdırılması, həmçinin işğal dövründə kənd ərazisində, evlərin uçuğunda qalmış əşyaların toplanıb muzey yaradılması təklifi ilə çıxış edib.
Birliyin üzvü Mehdi Fərzanov isə Birliyin votsap qrupu ilə bağlı bəzi təkliflərlə çıxış etdi.
Başlıbelli ziyalı Ədalət Əsədov kənd ərazisində mobil rabitə operatorlarndan ən azından birinin ötürücü stansiyasının qurulması məsələsinin növbəti dəfə müvafiq strukturlar qarşısında qaldırılmasının vacibliyini bildirib.
Başlıbelli alim Osman Mirzəyev isə Birliyin Başlıbelin gələcəyi üçün çox mühüm missiyanın daşıyıcısı olduğunu və fəaliyyətə ruh yüksəkliyi ilə davam etməyin hədəfə çatmaqda əsas olduğunu qeyd etdi.
Başlıbelin ağsaqqal ziyalısı Əkbər Sarıyev isə Birliyin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və həm Ağsaqqalar Şurasının yaradılması ideyasını, həmçinin Gənclər Təşkilatı formalaşdırmaq təklifini dəstəkləyib.
Çıxışlardan sonra Ağsaqqallar Şurasının yaradılması barədə qərar qəbul edilib.
Sonra Vüqar Həşimov təkliflərin qeydiyyatının aparıldığını və reallaşdırılması istiqamətində addımların atılacağını qeyd edib.
Ümumi Yığıncaqda 7 fevral növbədənkənar Prezident seçkisində kənd əhalisinin aktiv iştirakı və Prezidentliyə namizəd İlham Əliyevə səs verilməsi ilə bağlı məsələlər müzakirə edilib. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi və və Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olan Başlıbel kəndinin ziyalıları, ağsaqqalları 7 fevral Prezident seçkisində fəal iştirak etmək və Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevi dəstəkləyəcəkləri barədə müraciət qəbul ediblər. Müraciəti Birliyin sədr müavini Etibar Ağayev təqdim edib.
Bashlibel.az