

Qan qoxulu o illərin hər dəhşətli anıyla,
Neçə-neçə məzlumların sipər olan canıyla
Saya gəlməz şəhidlərin töküldüyü qanıyla ,
Qazandığım hürriyyətim- Azərbaycan bayrağı!
Mübarizəm , şücaətim- Azəbaycan bayrağı!
( Zaur İlhamoğlu)
9 Noyabr Azərbaycanın tarixində qürur dolu bir səhifədir. Bayraq Günü kimi bir fəxarət məhz bu tarixə qismət olub. Bu tarixi öz üç rəngli şüasına bürüyüb.
Amma mənim məqsədim nə bu günün yaranmasından danışmaqdır, nə tarixi vərəqləmək , nə də 3 rəngli gözəlliyini çözələməkdir.
Mən ölümlə üz -üzə qalsa da, Xocalı sakinlərini xilas etmək üçün təslim olmağa məcbur olan , amma bayrağı başı üzərindən endirməyən Natiq kimi igiddən danışacam. O Natiq ki, bu dünyadakı son şəkli də canından çox sevdiyi Azərbaycan bayrağı ilə oldu.
Bayrağımızı təhqir etdiyinə görə erməninin başını bir göz qırpımında üzən Ramildən danışacam.
Mən o üç rəngin göylərdə qürurla dalğalanması üçün birləşən oğullardan , qeyrətli vətən igidlərindən danışacam. 30 ilə yaxın ağlar qalan yurd yerlərimizdə 3 zolaqlı qürur mənbəyimi dalğalandıran qəhrəman Azərbaycan ordusundan danışacam. Körpə, qadın, ahıl qanlarını axıdan ermənistan kimi bir qatilə göz dağı verən, Şuşa qalasında qalib Azərbaycan bayrağını dalğalandıran igidlərdən danışacam. Şəhid olan balasının tabutu üzərinə çəkilmiş bayrağı bağrına basıb ” Vətən sağ olsun!”- deyən atadan, anadan danışacam. Bayrağı əlinə allb şəhid atasının məzarı üstündə qürurla dalğalandıran körpədən danışacam. Bayrağı baş ucuna sancıb bütün dünyaya haqq səsimizi çatdıran Prezidentimdən danışacam. Haqsız çıxışlara, namərdcəsinə verilən qərarlara, işğalçı dövlətə meydan oxuyan Ali Baş Komandandan danışacam…
Ağdamda, Kəlbəcərdə ,Şuşada, Füzulidə, Laçında, Cəbrayılda, külli Qarabağda ” Qarabağ Azərbaycandır,- şüarını çatdıran bayrağımdan danışacam.
Bizi Biz edən Bayrağım, dövlətlər içərisində imzamız olan Bayrağım, uğrunda bir millətin birləşdiyi Bayrağım , bayramın mübarək, ey ay -ulduzlu , üç zolaqlı sevdiyim! Səni ucaldan bu qədər övladın olduqca hər zaman yüksəklərdə olacaqsan. Bayramın mübarək, zirvələrdəki gözəllik, bayramın mübarək , Azərbaycan bayrağı!
Müəllif, Gülnarə Aslanova