Milli Məclisin iclasında çıxış edən deputat Azay Quliyev bildirib ki, artıq beşinci gündür Azərbaycan QHT-ləri və ekoloqlarının Qarabağda, xüsusilə Agdərədə yerləşən qızıl və mis yataqlarının qanunsuz istismarına və talan olunmasına və ətraf mühitə vurulan zərərə etiraz olaraq Şuşa-Laçın yolunda dinc aksiyası davam edir: “Məlum olduğu kimi, Azərbaycanın müvafiq qurumlarının nümayəndələrinin həmin ərazilərdə monitorinq aparmaq üçün dekabrın 3-də Rusiya sülh məramlıları ilə razılıq əldə olunmuşdu və təəssüf ki, dekabrın 10-da rus hərbiçilərinin komandanı Volkov bu razılaşmanı kobud şəkildə pozdu və Vardanyan adında bir avantürist və kriminal iş adamı ilə birləşərək monitorinq qrupuna qarşı təxribat törətdilər. Beləliklə, monitorinq baş tutmadı. Əlbəttə ki, bu, təxribat cavabsız qala bilməzdi və bu məqsədlə ölkə QHT-ləri haqlı olaraq dekabrın 12-dən etibarən Şuşa – Laçın yolunda bu qanunsuzluğa qarşı etiraz aksiyasına başladılar”.
A.Quliyev deyib ki, aksiya iştirakçılarının tələbi çox sadədir: “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və talanmasına son qoyulsun! Bu ərazilərdə törədilən ekoloji terror dayandırılsın və həmin ərazilərin monitorinqinə şərait yaradılsın! Bundan başqa, dekabrın 14-də 7 nəfər soydaşımızın mina partlayışı nəticəsində yaralanması və 1 nəfər hərbiçimizin şəhid olması aksiya iştirakçılarının tələblərinin genişlənməsinə səbəb oldu. QHT-lər Ermənistanın mina terroruna son qoyulmasını, Azərbaycanın suveren torpaqlarına silah-sursatın, hərbiçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yolunda, Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər”.
Deputat qeyd edib ki, ölkə ictimaiyyətinin bu, haqlı tələbini hamımız dəstəkləyirik: “Hesab edirik ki, qısa müddətdə Laçın yolunda Azərbaycanın dövlət qurumlarının effektiv nəzarət buraxılış sistemi yaradılmalıdır və əminəm ki, yaradılacaq. O ki qaldı aksiya iştirakçılarının guya Laçın yolunu bağlayaraq Xankəndində və ətraf ərazilərdə yaşayan ermənilərin blokadaya alınması, humanitar fəlakətə və ya etnik təmizləməyə məruz qalması haqqında Ermənistanın təbliğat maşının uydurduğu şayiələrə, təbii ki, bunların hamısı yalan və böhtandır.
Bu yalanlara Azərbaycanın rəsmi orqanları çox tutarlı cavab verdi və bildirildi ki, yolu etirazçılar yox, Rusiya sülh məramlıları bağlayıb. Buna əsas sübut kimi, sülh məramlıların 3 kalonunun dünəndən etibarən etiraz aksiyasının keçirildiyi yoldan rahat şəkildə keçməsini göstərmək olar. Digər tərəfdən, Azərbaycan dövləti erməni vətəndaşlarının bütün ehtiyaclarını qarşılamağa hazır olduğunu da bəyan edib. Ona görə də ermənilər bütün paytaxtlara məktub göndərib beynəlxalq ictimaiyyəti aldatmasınlar. Xarici QHT-lərdən və beynəlxalq təşkilatlardan istəyimiz odur ki, Laçın yolunda baş verən hadisələrə obyektiv yanaşsınlar və Azərbaycan QHT-lərinin haqlı tələblərini dəstəkləsinlər”.
Bashlibel.az