“Cənab Prezident tərəfindən 3 kəndin, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, orta məktəbin, İşğal və Zəfər muzeylərinin də təməli qoyulub”.
Bashlibel.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
“Əlavə olaraq, Dövlət Şəhərsalma Arxitekturası tərəfindən İstisu qəsəbəsinin və əlavə 7 kəndin də ərazi planlaşdırma sənədlərinin hazırlanmasına başlanılmışdır. 2024-cü ildə 4 kəndin də ərazi planlaşdırma sənədlərinin hazırlanmasına başlanılacaq. Ümumilikdə 2026-cı ilədək 15 yaşayış məntəqəsi – bir şəhər, bir qəsəbə və 13 kənd olmaqla – bərpası, həmçinin 3500 mənzilin tikintisi nəzərdə tutulub. Bunun 1500-ü Kəlbəcər şəhərində, 2000-i isə digər ərazilərdə tikiləcək. Gələn ildən başlayaraq, 2026-cı ilə qədər Kəlbəcər şəhərinə 5000-dən çox əhali, digər ərazilərə isə 8000-ə qədər əhalinin köçürülməsi nəzərdə tutulub”, – o əlavə edib.