Hərbi ekspert: “Bu, məxfiliyin daha ciddi şəkildə qorunması baxımından da vacibdir”
Sonra komitə sədri gündəliyin ikinci məsələsi olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. Ziyafət Əsgərov qeyd edib ki, qanun layihəsində hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur. Layihədə həmçinin texniki xarakterli dəyişikliklər var. Hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Rövşən Məhərrəmov
Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, qanuna ediləcək dəyişikliklə hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir və bu təkmilləşməyə ehtiyac var idi. “”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda əgər hazırda müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılırsa, yeni layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən mərkəzləşdirilmiş qaydada aparılacaq. Müvafiq icra hakimiyyəti orqanı həmin hərbi vəzifəliləri onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanının qeydi olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdır. Müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər bu qanunda nəzərdə tutulmuş qaydada hərbi qeydiyyata alınacaqlar. Qüvvədə olan qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır. Qanuna ediləcək dəyişiklikdə isə hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur.
Daha sadə şəkildə desək, mövcud qanunda xüsusi təyinatlılarda, kəşfiyyatda, əks-kəşfiyyatda xidmət eləyib ehtiyata buraxılanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrində qeydiyyatda dururdular. Qanuna təklif edilən dəyişiklikdə isə birbaşa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatda olacaqlar ki, onlar lazım olduqları anda onları hər rayon üzrə axtarmağa ehtiyac qalmasın, proses daha operativ qaydada, daha sürətli həyata keçirilə bilsin. Bu, həmçinin məxfiliyin daha ciddi şəkildə qorunması baxımından da vacibdir. Müəyyən rayon şöbələrində məxfilik ola bilər ki, yetərli olmasın, müəyyən sızma olsun, lakin baş idarədə – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu cür neqativ hallar olmayacaq. Bir sözlə, qanuna bu dəyişiklikləri əslində çoxdan etməliydik”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”