Qarabağ iqtisadi rayonunda – Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra layihələndirmə işləri yekunlaşma mərhələsindədir.
Bunu APA-ya açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
“Bu ilin sonuna Füzuli şəhərinin ilk yaşayış məhəlləsi yekunlaşmalıdır. Orada sürətlə işlər davam edir. Eyni zamanda, bu il Ağdam rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan həm birinci, həm ikinci yaşayış məhəllələri, həm də Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində bərpa quruculuq işlərinə başlanılacaq”, – Prezidentin xüsusi nümayəndəsi deyib.
Emin Hüseynov qeyd edib ki, Füzuli rayonunda Pirəhmədli, Dədəli və ikinci ağıllı kəndi olan Dövlətyarlı kəndində bərpa prosesinə bu ilin sentyabr ayında start veriləcək. Bu proseslər öz qrafikinə uyğun olaraq vaxtı-vaxtında təhvil veriləcək.
Emin Hüseynov onu da qeyd edib ki, gələn il Ağdam rayonunun 3 kəndi, eyni zamanda, Hadrut qəsəbəsi və Tuğ kəndindəki yaşayış məntəqələrinə köç reallaşacaq.
Səlcuq Elçin