• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Mərhum jurnalistin oğlu: “Bizdə cümləmizin mübtədası da, xəbəri də atamdır”

Dek 31, 2023

Loading

“2023-cü il məndən ən dəyərli parçamı – atamı alıb, haqq dünyasına qovuşdurdu. Bizdə cümləmizin mübtədası da, xəbəri də atamdır. Özü bizimlə olmasa da, ruhu hər daim bizlə bərabərdir”.

Bu sözləri Moderator.az saytının təsisçisi, mərhum jurnalist Zülfüqar Hüseynzadənin oğlu Hüseyn Ələsgərov bildirib:

“Dünyanın müxtəlif xalqlarının ənənəvi bayramı olan Yeni il hər il Azərbaycanda da təntənəli şəkildə qeyd olunur. Dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qeyd edirlər. Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından asılı olmayaraq müxtəlif xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardan biri hesab olunur. Yeni ili bayram kimi qeyd etməklə insanlar belə hesab edirlər ki, bütün uğursuzluq və kədərli anlar köhnə ildə qalır, yeni il yeni arzular və ümidlər gətirir. Digər xalqlarda olduğu kimi bizim ağlımızda da bu fikir yer alır. Yeni ilin gəlişini yeni arzuların yeni ümidlərin başlanğıcı kimi düşünürük. Kimilərinə görə bu fikir doğru, kimilərinə görə isə bu fikir əbəs olaraq qalır. Bu il mənə də bu arzuların bir qədər əbəs olduğu düşüncəsini oyatdı. Hər kəs kimi bizlərdə 2022-ci ilin son günü, 2023-cü ilin girişi ərəfəsində bir sıra dualar etdik. Az-çox hər birimizin duaları hər kəsə bəllidir. Keçən ilin ağrısı, acısı elə o ildə qalsın, yeni ildə xoş, firavan, ən əsası sağlam həyat sürək. Əlbətdə ki, bizim arzularımızın içərisində də bu istəklər var idi. 2022-nin son döyünən dəqiqələri idi. Hər birimiz yeni ilin – 2023-cü ilin girişini qeyd edirdik. Hər birimizin üzündə gülüş, təbəssüm var idi. 2023-ün məndən nə aparacağını bilmədən mən də arzu, diləklərimi ard-arda qoşub, Allaha dua edirdim. Ancaq qismət elə gətirdi ki, 2023-cü il məndən ən dəyərli parçamı – atamı alıb, haqq dünyasına qovuşdurdu. Bizdə cümləmizin mübtədası da, xəbəri də atamdır. Özü bizimlə olmasa da, ruhu hər daim bizlə bərabərdir…

Bu il mənə həm də çox böyük dərs vermiş oldu. Öyrənmədiyim şeyləri öyrənmiş, dərk etmiş oldum. Halbuki atam mənə ali dərəcəli Oksford, Kembric kimi universitetlər də oxusaydım belə öyrənə bilməyəcəyim dərsləri vermişdi. Bizlərdə belə bir söz var. Deyir oğlan uşağı daha çox anasına bağlı olarmış. Mən isə nədənsə daha çox atamdan nəfəs alırdım. Bilmirəm bəlkə də tək övlad olduğum üçün belə idi. Ancaq əsas məsələ bu deyil. Əsas məsələ 2023-cü ilin bizlərin qəlbində hər zaman ürək sarsan bir il olaraq qalması olacaq. Çox istərdim yeni ilin girişində hər şey bir neçə il öncəyə qayıdardı. Nə olduğunu heç anlamazdıq. Ancaq bunun gerçək olmayacağını bilirəm. Biz axı nağıllar aləmində yaşamırıq. Ancaq ki, nağıllarda hər istək, hər dilək gerçək olur. Kaş ki, elə həyatımız da bir nağıl olardı…

Hər şeyə rəğmən ənənəyə sadiq qalaraq hər ilin sonu gələcək ilin girişində arzuladığımız dualar kimi, 2023-cü ilin sonunu, 2024-ün gəlişini dualarla sona çatdırmaq istəyindəyəm. Əlbətdə ki, insan üçün ən dəyərli şey can sağlığıdır. 2024-cü ili daha sağlam, daha xoş, firavan keçirməyimiz arzusuyla…”

Bashlibel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »