Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant VI qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “İstedadlı şagirdlərin fizikadan Respublika fənn müsabiqəsinə hazırlığının təşkili” layihəsi yekunlaşıb. Kəlbəcər rayonu 56 saylı tam orta məktəbin fizika müəllimi Gülsarə Həsənova tərəfindən həyata keçirilən layihə 7 ay müddətində davam edib.
Layihənin bağlanış mərasimində çıxış edən layihə rəhbəri Gülsarə Həsənova bildirib ki, layihə çərçivəsində 10 nəfər şagird üçün Respublika fənn müsabiqəsinə hazırlıq məşğələsinin keçirilməsi nəzərdə tutulsa da, seçim mərhələsində daha yüksək nəticə göstərən 20 şagird məşğələlərə cəlb edib: “Hazırlıq mərhələsini uğurla başa vuran 13 nəfər şagird 30 aprel 2023-cü ildə Fizika fənnindən keçirilən Respublika fənn müsabiqəsinə qatılıb. Həmin şagirdlərdən 7 nəfəri Respublika fənn müsabiqəsinin rayon turunu uğurla keçərək yarımfinal turuna vəsiqə qazanıb. Onlardan biri məktəbin VII sinif şagirdi İsmayılova Səmayə Nofəl qızı müsabiqəyə təqdim olunan 50 sualdan 41-ni doğru cavablandırıb. Ümid edirəm ki, şagirdlərimiz növbəti mərhələdə də uğurlu nəticə əldə edərək müsabiqənin qalibi ola biləcəklər”.
Daha sonra çıxış edən təlimçi müəllim Güldanə Sadıqova 7 ay müddətində keçilən yolla bağlı fikirlərini bölüşüb.
G.Sadıqova bildirib ki, VII sinif şagirdləri keçirilən məşğələlər nəticəsində fizikanı daha dərindən öyrənə biliblər.
Kəlbəcər rayonu 56 saylı tam orta məktəbin direktoru Aidə Əhmədova isə məktəbdə həyata keçirilən layihənin əhəmiyyətindən danışıb.
A.Əhmədova məktəbdən Fizika üzrə Respublika fənn müsabiqəsinə ilk dəfədir 13 şagirdin qatıldığını və onların 50 faizinə yaxınının növbəti mərhələyə keçdiyini qeyd edib.
Layihənin eksperti Xalid Kazımov isə Respublika fənn müsabiqəsinə qatılan şagirdlərin uğurlu nəticə əldə edəcəklərinə inandığını bildirib.
Sonda çıxış edən G.Həsənova Respublika fənn müsabiqəsi, Respublika fənn olimpiadası qalibi olub dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan şagirdlərlə bağlı məlumatın əks olunduğu posterin hazırlanmasının da əhəmiyyətli olacağını bildirib. Həmin poster məktəbdə təhsil alan şagirdlər arasında yerli və beynəlxalq olimpiadalarda uğur əldə edən, dünyanın reytinqli universitetlərinə qəbul alan Azərbaycan gəncləri və məktəblilərin uğurları təbliğ edilir.
Bashlibel.az