Bir neçə gün əvvəl, FB səhifəsində paylaşılmış maraqlı bir şəkil gördüm.
Təxminən keçən əsrin 60-cı ilin sonları,70-ci illərin əvvəllərinə təsadüf edən bir şəkil idi….
Tanıdıqlarım, mənim əziz qonşum, atamın vaxtı ilə dostu və həmkarı rəhmətlik Kamal Nemətullayev, rəhmətlik dayım Həbib müəllim, rəhmətlik Zal müəllim və rəhmətlik Sücaət dayıoğlu oldu!
Bir neçə şərhdən sonra aydın oldu ki, bu sıradan bir şəkil deyil, əksinə təkcə Kəlbəcər rayonu, Azərbaycan respublikası üçün yox, dünya əhəmiyyətli, əvəzsiz olan tarixi bir şəkildir və bu şəklin arxasında böyük bir tarixcə gizlənib.
Sən demə bu şəkil Böyük Vətən Müharibəsinin əfsanəvi qəhrəmanı “Xarqo”, o cümlədən, “Armed Mişel” “Fraji” “Ryus Armed” “Matye Mişel” “Kuraje Mişel” ləqəbləri ilə tanınan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun şərəfinə verilən ziyafətdə, Kəlbəcərdə çəkilən şəkildir.
1920-ci il 22 sentyabrda Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində dünyaya göz açmış Əhmədiyyə Cəbrayılov ikinci dünya müharibəsi iştirakçısı, veteranı, partizan, Fransa Müqavimət Hərəkatının, Fransanın azadlığı uğrunda, əsasən Tuluz və Montabon dağlarında partizanlıq edən misilsiz qəhrəmanlıqlar göstərən azərbaycanlıdır, Fransa qəhrəmanı kimi fəxri ada layiq görülüb. Eyni zamnda Azərbajcanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atasıdır.
Hazırda Fransada yaşayan həmyerlimiz, əslən Laçından olan Şain Sinari (Əliyev) öz müsahibələrindən birində deyir ki, Əhmədiyyə Cəbrayılovun haqqında bütün nə varsa mən demişəm və yazmışam, sonradan deyilən, yazılan nə varsa yalan və uydurmadır.
Buna etiraz olaraq bildirmək istəyirəm ki, hələ çox şey deyilməyib və çox şey yazılmayıb.
Elə götürək aşağıda qeyd edəcəyim, böyük əhəmiyyəti olan, kiçik bir yazı ilə-
Xarqonun Kəlbəcərə gəlməsinin tarixcəsini nəzərə çatdırmaq istəyirəm.
“Xarqo” Kəlbəcərə nə üçün gəlmişdi?
Lap əvvəldən başlayaq.
60-cı illərin sonu, 70-ci illərin əvvəllərində o zaman Kəlbəcər rayon “Yenilik” qəzetinin baş redaktoru Həbib Əhmədov redaksiyaya ünvanlanmış bir məktub aldı!
Məktubda deyilirdi:
Hörmətli redaksiya, mən Əhmədiyyə Cəbrayılov “Xarqo” təxəllüslü müharibə veteranıyam, 1941-1945 Böyük Vətən Müharibəsi iştirakçısı, sizin həmyerliniz, soyadını unutduğum Qoca adlı bir şəxsi axtarıram. Dəqiqliklə bilirəm ki, sizin rayondandır. Sizdən xahiş edirəm ki, onun axtarışında və mənimlə görüşünə köməklik edəsiniz.
Əhmədiyyə Cəbrayılov özünü qəhrəman kimi qələmə verməsə də, baş redaktor Həbib Əhmədov, əfsanəvi qəhrəman “Xarqo”nu tanıdı.
Həbib Əhmədov, redaksiya heyəti ilə çox da vaxt aparmayan axtarışlara başladı. Demək olar ki, hamı bu axtarışlarda iştirak edirdi. Redaksiyanın gənc müxbiri, gənc şair Sücaət, həmişə yerli qəzetlə əməkdaşlıq edən, rayon rabitə qovşağının aparıcısı Cəlil Qasımov, rayon mədəniyyət şöbəsinin müdiri Kamal Nemətullayev və digər fəallar axtarışa başladılar və Qocanı tapdılar.
Cəlil Qasımov tez bir zamanda baş redaktor Həbib Əhmədova şad xəbər çatdıraraq hesabat verdi-“Həbib müəllim, axtardığımız adam 1922-ci il təvəllüdlü, Başlıbel kəndindən olan Muxtarov Qoca Ağa oğludur”.
“Lap gözəl”-deyib Həbib müəllim Cəlili qucaqladı, sonra da əllərini-əllərinə sürtdü:-“Əvvəla Əhmədiyyə Cəbrayılova Kəlbəcərə dəvət məktubu göndərin, maşını da hazır edin sabah Başlıbelə gedirik”-əmrini verdi.
Başda Həbib Əhmədov olmaqla Başlıbelə gələn redaksiya heyəti Qocanı əhatəyə aldılar.
Sualların ardı-arası kəsilmir, gənc müxbir blaknotuna başını qaldırmadan şıdırğı yazırdı.
Bu QOCA kim idi və əfsanəvi qəhrəman, Fransa milli partizan hərəkatının fəal üzvü, əfsanəvi prezident Şarl de Qolldan şəxsən legion ordeni almış, onunla bir masa arxasında ziyafət keçirmiş, bir neçə il sovet həbsxanalarında yatmış “Xarqo” Əhmədiyyə Cəbrayılov niyə onu axtarırdı?
Hamı kimi, Kəlbəcər rayonunun Başlıbel sakini olan Qoca Seyid Ağa oğlu Muxtarov da 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. Qızğın döyüşlərin birində Qoca digər əsgər yoldaşları ilə mühasirəyə düşürlər və almanlar onları əsir götürür. Faşistlər heç bir məlumat əldə edə bilmədikləri halda, bir neçə bölmədən ibarət olan əsgər və zabitləri güllələmək qərarına gəlirlər. Əvvəcəldən qazdırılmış tranşeylər boyunca düzülən əsirlərə rabitəsiz atəşlər açılır. Bu zaman özlərini qətlam yerinə çatdıran “Xarqo”nun partizan dəstəsi faşistlər tərəfindən sovet əsirlərəinə qarşı törədilən qətlama az da olsa mane olurlar. Bu zaman “Xarqo” cəsədlər arasından inilti eşidir və bir nəfərin sağ qalfığını görür. Ağır yaralını tez səyyar səhra qospitalına çatdırırlar. Xarqonun yüzlərlə güllələnmiş cəsədlər arasından sağ tapdığı adam sovet sıravi əsgəri, bu yazının qəhrəmanı, Kəlbəcər rayonu Başlıbel kənd sakini Muxtarov Qoca Seyid Ağa oğlu idi!
Qoca ağır yaralar alsada, möhkəm sağlamlığı, cüssəli bədəni ölümə qalib gəlir, tez bir zamanda Xarqonun dəstəsinə qoşularq partizanlıq edir. Müharibə qurtarandan sonra isə Xarqo kimi, Qoca da repressiyalara məruz qalır, altı il sovet türmələrində, istintaqlara niyə əsir düşdüyünün izahatını verir, alman casusu olmadığını sübut eləməyə çalışır. Bir neçə ildən sonra hamı kimi o da amnistiya alır “əfv” olunur, ləyaqətli adı özünə qaytarılır. Bir ayağını müharibənin son ayında itirsə də gözəl bir ailə qurur, həyat yoldaşı ilə 6 gözəl övlad dünyaya gətirirlər.
Bax Xarqo ölümdən xilas etdiyi, onunla çiyin-çiyinə partizanlıq edən Qocanın sorağına düşmüşdü. Nəhayət görüş baş tutdu! Onların görüşü Kəlbəcərə gələn bütün rəsmi şəxslərin, qeyri-rəsmi formatda qəbul olunduğu məkanda,-Nağılar məhləsində Nağılar Kərəmin həyətində baş tutdu. İki əziz dost, iki qəhrəman bir-birinə sarıldılar, sevincdən ağladılar, ətrafdan maraqla baxanları da kövrəltdilər. Belə sevincli günlər bu həyət bir neçə dəfə görmüşdü. Xüsusəndə Tağı Əhmədav müharibədən qayıdandaş. Bu həyətdə yaşıyanlar üç dəfə, üç künclü, qara kağız da almışdılar. Bu həyət ana fəryadı, ata hıçqırtısı, bacı şivəni, el naləsi eşitmişdi. Bu həyətdə müharibədən gələnlərə qurban kəsilmişdi, qara kağızı gələnlərə, cənazəsi olmayanlara ehsan verilmişdi, paltarların sərib ağı demişdilər, musiqi axşamları əvəzinə, paltartökdü günortaları olurdu, tanrını göylərdə ağladan səslə ağlaşmalar, dağları, daşları lərzəyə gətirmişdi. Bu dəfə isə əminəmanlıq idi, şükür! Bu gün gözlərdən axan sevinc göz yaşları idi. Uzun bir ziyafət stolu açılmışdı. İki dost yanaşı oturmuşdular. Deyilən xoş sözlər, alqışlar iki nəfəin idi. Qaldırılan badələr iki nəfərin şərəfinə içilirdi. Bu gün hamı xoşbəxt idi. Uşaqlar da böyüklər də!
Həbib müəllimin altı-yeddi yaşlı qızı, balaca Əsmər də bu qələbəliyi kənardan maraqla seyr edir, hərdən cürətlə sevimli ata nəvazişi üçün atasının yanına, bir ata sığalı üçün yaxınlaşırdı. Hər şey bu günkü gün kimi yadındadır. Nemətullayev Kamalın gözəl qarmon ifası hamını valeh edirdi. Gənc şair Sücaət ara-bir yazdığı şerlərdən deyirdi:
Mən gedirəm qürbət elə,
Sən salamat qal ay dağlar
Halallıq ver,qoy qalmasın,
Ürəyimdə xal ay dağlar
Xarqo,buradakı auradan ləzzət alırdı!
…Xarqo yadındamı…?
…Qoca xatırlayırsanmı…?
Biri-birinə bax belə nəvazişlə müraciət edir, və yaddaşlarını bəzən kədər dolu, bəzən gülüş dolu xatirələrini təzələyirdilər.
….İnsanların adları, soyadları da təsadüfi bir hal yox, ilahi bir qanunauyğuluq, ilahi bir yazının daşıyıcı hissələrindən biridir. Əhmədiyyə, Əhmədovgildə qonaq idilər!
Cəbrayılov soyadı! Allahın yerdəki mələyi!
Nəinki silahdaşı Qocanın, sonra isə Qocayla birgə bütün Avropanın və dünyanın xilaskarlarından olan Cəbrayılov! Nə qədər körpə uşaq həyatını xilas etdilər!
Sanki Tanrı Cəbrayılovu yüz minlərlə insanın içindən çıxarıb xilaskar göndərmişdi.
Xarqo Qocanı xilas edib yaxından tanıyandan sonra, dağların bu mərd, qoçaq, qorxmaz, cəsur, cəngavər oğluna valeh olmuşdu! Sücaətləri ilə Xarqodan heç də geridə qalmayan Qocanın xətrini çox istəyirdi. Təəsüf ki, Xarqo kimi çox dil bilmədiyindən, qəhrəmənlıqları kölgədə qalırdı. Bir də ki, Qoca çox təvazökar, sadə, mehriban, zarafatcıl idi və bu xüsusiyyətləri də Xarqonun gözündən yayınmamışdı. Təəssüf ki, bu gözəl görüş başa çatmaq üzrə idi. Məclis əhli bir-bir Əhmədiyyə Cəbrayılovla vidalaşdıqdan sonra onu Qocayla sərbəst buraxdılar. Onlar baş-başa verib nəsə danışırdılar. Yəqin ki, yenə görüşmək arzusu ilə vədələşirdilər. Nəhayət bir-birilərini bağırlarına basdılar, sağlamlıq, uzun ömür, tezliklə yenə görüşmək arzularıyla, göz yaşlarıyla ayrıldılar. Nənəsinin Əsmərə verdiyi bir dolça suyu qızcığaz Xarqonun arxasınca səpələdi.
Qoca Muxtarov müharibə məşəqqətlərindən, sovet istibdad maşınının məşəqqətlərindən qələbə ilə çıxdı. Qalan ömrünü də 1989-cu ilədək şad və xürrəm ailəsiylə, 6 balasıyla Başlıbel kəndində yaşadı. Əhmədiyyə Cəbrayılov kimi, Qocaya da Fransa hökuməti tərəfindən Fransada qalmaq təklifi edilmişdi. Lakin Qoca da bu təklifi qəbul etməyib Vətəndə yaşamağı seçmişdi. XX əsrin sonlarında Azərbaycanda baş verən hadisələrdən üzülən, həyatını faşistlərlə mübarizəyə həsr edən Qoca erməni faşistlərinin torpaqlarımıza göz dikmələrindən sarsılmışdı. Bir yandan xəstəlik, bir yandan da ömrünün bu çağında gördüyü ədalətsizlik dağ cüssəli Qocaya güc gəldi, 1989-cu ilin 9 aprelində 67 yaşında bu dünyaya əlvida dedi.
Məlum Kəlbəcər faciəsindən 30 il sonra övladları azad Başlıbel kəndində atalarının məzarını ziyarət ediblər, üzdən-iraq erməni vəhşilərinin güllələdikləri baş daşını bərpa ediblər.
Bu tarixi şəkildəki insanların hamısı rəhmətə gediblər. Onların kişi kimi yaşam tərzi, miras qoyduqları əqidə, vucdan təmizliyi, Vətən sevgisi, saflıq, sadiqlik, bizlərə örnəkdir!
Bizdə öz növbbəmizdə,onlardan öyrəndiklərimizi,əcdadlarımızdan bizə nəsil-nəsil,estafetlə verilən təmizliyi,vətənpərvərliyi,mərdliyi,cəsurluğu,yalnız bizim millətimizə xas olan bir çox ali insani keyfiyyətləri öz övladlarımıza miras qoymalıyıq!
Qoca Muxtarov, Əhmədiyyə Cəbrayılov, Həbib Əhmədov, Sücaət Əhmədov, Kamal Nemətullayev, Cəlil Qasımov, Əli Abbasov, Zal Cabbarov! Allah hər birinizə qəni-qəni rəhmət eləsin ,ruhunuz şad olsun! Elə KİŞİLƏR olmusunuz ki, bu gün də haqqınızda gözəl söhbətlər açılır, ruhunuza rəhmətlər oxunur. Siz öz missiyanızı bu həyatda kişi kimi yerinə yetirdiniz. İndi növbə bizimdir.
Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından,daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər…
Siz bizim qəlbimizdəsiniz!
(İxtisarla)
P.S.
Bu məqalədəki əvəzsiz məlumatlara görə, Əsmər Əhmədovaya, əmioğlanları Hüseyn və Siyavuşa, xüsusi olaraq Oqtay Salahova dərin təşəkkürümü bildirirəm.
İlqar Orduxanlı
SANKT-PETERBURQ şəhəri
22.09.2024