• Bz. May 26th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Sülhlə bağlı birbaşa Ermənistanla danışıqlar aparırıq! – Prezidentin köməkçisindən VACİB açıqlamaVİDEO

Yan 5, 2024

Loading

Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra ölkəmiz Qarabağın erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası üçün portal yaradıb. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasının mətbuata yaydığı məlumatda bildirilib və həmçinin bu məsələ regional mediada geniş yer alıb.

Bashlibel.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

“Azərbaycan qürur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən öz təsdiqini tapdığı kimi ildırımsürətli antiterror tədbirləri zamanı və ondan sonrakı dövrdə mülki şəxslərə qarşı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib.

Başqa sözlə desək, dinc əhalinin olduğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna baxmayaraq, erməni sakinlərin əksəriyyəti Qarabağı tərk etmək qərarına gəldilər. Sadəcə olaraq, onlar Azərbaycan Bayrağı və vətəndaşlığı altında yaşamaq istəmirlər və bu, onların bölgəni tərk etmək barədə qərar vermələrinə səbəb olub, əsasən azərbaycanlılara qarşı etnik nifrətə görə. Yeri gəlmişkən, iyirmi il əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan sizin istinad etdiyiniz Avropa Şurası Parlament Assambleyasındakı bəyanatında “ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluqdan” danışmışdı. AŞPA rəsmiləri bəyan ediblər ki, “Avropa Şurası yarandığı gündən indiyədək heç vaxt “etnik uyğunsuzluq” ifadəsini eşitməyib.

Erməni sakinlərinin əksəriyyəti qorxurdular ki, Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiklərinin qisasını ala bilər, lakin bizim niyyətimiz bu deyildi. Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır. Beləliklə, Azərbaycan Laçın yolu vasitəsilə Ermənistana təhlükəsiz keçid təmin etdi. Erməni sakinlərin çox kiçik bir hissəsi Qarabağda qalmaq qərarına gəlib və hazırda onların ehtiyacları ödənilir. Reinteqrasiya portalı fəaliyyətini davam etdirir.

Eyni zamanda, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində Ermənistandakı kompakt şəkildə yaşadıqları məskənlərindən kütləvi şəkildə qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu rədd etməsi narahatedici məqamdır. Ermənistanın baş naziri onları “Ermənistanın milli təhlükəsizliyinə təhdid” adlandırıb ki, bu da tamamilə qəbuledilməzdir. Bir tərəfdən “sülh dövrü” elan etmək, digər tərəfdən də öz tarixi vətənlərinə qayıdıb yaşamaq istəyən azərbaycanlı qaçqınları “ölkənin milli təhlükəsizliyinə təhdid” adlandırmaq olmaz.

Ermənistandan qovulmuş azərbaycanlı qaçqınları təmsil edən Qərbi Azərbaycan İcması hər zaman Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşdığını vurğulayır. Onların məqsədləri, sadəcə olaraq, Ermənistandakı doğma torpaqlarına sülh yolu ilə qayıtmaqdır.

Siz humanitar yaralar barədə qeyd etdiniz. Həqiqətən də Qarabağ münaqişəsi Azərbaycan xalqının faciəsinə çevrilmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Yüz minlərlə insanın taleyi məhv edilib. Dörd minə yaxın azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır. Azərbaycanda valideynlər var ki, itkin düşən oğullarının şəkillərini öz məzar daşlarının üzərinə həkk etməyi mənəvi təsəlli olaraq vəsiyyət edirlər. Siz özünüz də regiona səfər etmisiniz və bu işğalın Azərbaycan şəhərlərini, kəndlərini nəyə çevirdiyini görmüsünüz. Bir vaxtlar inkişaf edən şəhərlər tamamilə məhv edilib və onlar artıq mövcud deyildir. Əvəzində isə erməni işğalçıları dəqiq mina xəritələri olmadan bizə bir milyondan çox minadan ibarət ölümcül miras qoyublar. Təsəvvür edirsiniz ki, XXI əsrdə azərbaycanlılar öz suveren ərazilərində mina partlayışlarının qurbanına çevrilirlər. Hazırda azərbaycanlıların qarşısında ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, yaşayış və iş şəraitinin yaradılması və əhalinin geri qaytarılması kimi böyük bir vəzifə dayanır.

Digər humanitar yara isə mədəni irsimizin – abidələrimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın məqsədyönlü şəkildə dağıdılmasıdır. Məscidlərimiz donuzların və inəklərin saxlanılması üçün tövlə kimi istifadə edilib. Ermənistan bununla Azərbaycan xalqının izini silməyə çalışıb”, – o qeyd edib.

Prezidentin köməkçisi danışıq formatları ilə bağlı sualı belı cavablandırıb:

“Hər bir formatın öz üstünlükləri var və onların effektivliyini müqayisə etmək düzgün olmazdı. Müxtəlif mərhələlərdə müxtəlif formatlar bizə irəli getməyə imkan verib və biz iştirak edən bütün vasitəçilərə minnətdarıq. Məkan bizim üçün önəmli deyil, ən əsası nəticədir. Biz nəticəyönümlü danışıqların tərəfdarıyıq. Prinsipcə, biz səmimi vasitəçiliyin əleyhinə deyilik, lakin birbaşa danışıqlara üstünlük veririk. Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »