Onun adını ilk dəfə 2016-cı ildə #Başlıbel faciəsini araşdıranda rəhmətlik Xasay dayıdan eşitmişdim. Tanışlığımız isə 2021-ci ilin sentyabrında oldu…
Toğana’da tanış olub, üzü #Kəlbəcər’ə doğru yola çıxdıq. Öməri aşıb, Kəlbəcərə vardıq, tuneli keçib, Başlıbelə çatdıq… Yol boyu bizə Kəlbəcəri kənd-kənd vəsf etdi. Hər dağla, çayla bağlı xatirələrini, tunelin tikintisini…
Çəkiliş qrupumuzla onun yaddaşının itiliyinə heyrət edirdik…
113 gün mühasirədə qaldıqları kahaya getmək üçün avtomobillərdən enib, yola ayaqla davam etməli idik… Təpəni enib, çayı keçdik, üzü yuxarı dağa çıxırıq… İlk dəfə idi dağa çıxırdım, çətin idi… Vusal Hemdullayev ilə Xalid Kazımovun köməkliyi ilə bir xeyli qalxdım və bir məqam oldu ki, əllərimi onların əlindən çəkib, yerə çökdüm:
- Mən daha bacarmıram, – dedim. Vüsal, bəlkə şair maşında qalsın… O bura necə çıxacaq?
Vüsal, “yuxarı bax”, dedi. Şair hamımızdan qabaqda gedirdi…
…İlahi, insanlar burada yaşayıb, silahlı basqına məruz qalıb, güllələnib, əsir götürülüb, əsirlikdən qaçıb, sağ qalmaq üçün nə əzablar çəkib…
Utanıb, ayağa qalxdım. Əllərimi Vüsalla Xalidə uzatdım. Xalid izah eləməyə başladı:
- Əvvəlcə pəncəni yerə bas, ayağını möhkəmlədəndən sonra dabanını qoy… Onda yıxılmayacaqsan…
Onun dediklərini təkrarlayır, gözlərimi isə Ələkbər Sönməzdən çəkmirdim… Bu adam kahalara doğru uçurdu… Nə çəkiliş qrupumuz, nə də şahidlər onun sürətinə çata bilmirdi… Onun həyəcanını iliklərimdə duyurdum…
Atasının görüşünə tələsirdi…
…28 il öncə atası ilə burada vidalaşmışdı… Onun taleyindən, son günlərindən bir iz tapacaq deyə körpə bir uşaq atasının qucağına qaçırmışcasına yüyürürdü…
…Mən kahalara çatanda o daşın üstündə əyləşmişdi. Gözünün yaşı ilə titrəyə-titrəyə danışırdı:
- Aygünü burada vurmuşdular… Bir neçə gündən sonra Xasayla gəlib onu yerdən qaldıranda ki, aparıb dəfn edək, gördük saçları torpağa yapışıb…
…Bir neçə gündən sonra #Başlıbel faciəsi’nin 30 ili tamam olur. Bu faciəni çoxumuz araşdırmışıq, ancaq onun yazdıqları daha qiymətlidir. Çünki biz şahidlərin dediklərini yazmışıq, o isə yaşadıqlarını…
Bu günlərdə yeni kitabı çap olunan 75 yaşlı şair
Sönməz Ələkbər Başlıbel faciəsində yaşadıqlarını qələmə alan yeganə insandır. Onun yazdıqları tarix üçün çox əhəmiyyətlidir!
Var ol, şair!
Təbriklər!
Sayğılar!