![]()
Bu gün birinci Qarabağ müharibəsi döyüşçüsü Mustafayev Yalçın Əkbər oğlunun vətən uğrunda şəhid olmasının 31-ci ildönümüdür. Yalçın Mustafayev 31 may 1975-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. Atası Əkbər Mustafayev Ağcakənddən, anası Rəhimə Mustafayeva Başlıbel kəndindəndir. Yalçın Mustafayev Ağcakənd kənd orta məktəbini bitirib. 1993-cü ilin aprelində Kəlbəcərin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində ailəsi ilə birlikdə məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşıb. Yalçın Mustafayev 1994-cü ilin yanvarında könüllü olaraq milli ordu sıralarına yazılıb və tankçı kimi hərbi qüvvələrimiz sıralarında xüsusi seçilib. İlk döyüşü doğma Kəlbəcərinin azad olunması üçün Murovdağı istiqamətində olub. Bir müddət sonra tankçı olduğu üçün ağır döyüşlərin getdiyi Ağdam rayonunun Tərtər rayonuna yaxın ərazisinə göndərilib. Düşmənin ən güclü və aktiv olduğu bu bölgədə Yalçın Mustafayev düşmənlə ən yaxın məsafədə döyüşlərə girib. Tankı ilə dəfələrlə düşmə tərəfin güclü nöqtələrini darmadağın edib, itkilərə məruz qoyub. Bu şücaətlərinə görə Yalçın Mustafayev qısa müddətdə bütün döyüşçülər arasında hörmət və cəsur döyüşçü kimi ad-san qazanıb. Döyüş yolunu Tərtər-Ağdam cəbhəsində davam etdirib. 1994-cü ilin mayın 5-də erməni silahlı birləşmələri Tərtər rayonunun Çaylı kəndi ərazisində Yalçının əsgər yoldaşlarının bir qrupunu mühasirəyə alıb. Yalçın Mustafayev həmin əraziyə girib atəş altında döyüşçü yoldaşlarının bir hissəsini mühasirədən çıxarıb. Qalan əsgərləri xilas etmək üçün ikinci dəfə geri qayıdıb mühasirəni yarmaq istəyərkən düşmənin son dərəcə güclü müqaviməti ilə üz-üzə qalıb. Sonuncu gülləyə qədər düşmənlə döyüşən qəhrəman əsgər Yalçın Mustafayev baş nahiyəsindən güllə yarası alıb. Köməyə gələn Azərbaycan əsgərləri onu atəş altından çətinliklə yaralı halda çıxara biliblər. Yalçın Mustafayev xüsusi hərbi helikopterlə Bakıya xəstəxanaya gətirilib. 4 gün xəstəxanada yaralı vəziyyətdə qalıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq Yalçın Mustafayevin həyatını xilas etmək mümkün olmayıb. 1994-cü il mayın 9-da Yalçın Mustafayev əbədiyaşarlığa-şəhidlik zirvəsinə ucalıb. Məzarı Bərdə şəhərindəki Şəhidlər Xiyabanındadır. Bütün şəhidlərimiz kimi şübhəsiz ki, Yalçın Mustafayevin də ruhu şaddır. Uğrunda canlarını fəda etdikləri torpaqlarımız artıq işğaldan azad edilib.
Bashlibel.az
Bashlibel.az