• Şb. İyl 27th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Yeni dərs ili başladı

Sen 15, 2023

Loading

135 min uşaq bu gün ilk dəfə birinci sinfə gedir

Bu gün yeni dərs ili başlayır. 2023-2024-cü tədris ilində ölkə üzrə ümumtəhsil məktəblərində 1600 000 şagird təhsil alacaq. Elm və Təhsil Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, 114 484 nəfər məktəbəqədər təhsilə cəlb ediləcək. 135 min uşaq birinci sinifdə təhsil alacaq. 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. 

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə ümumilikdə, 481 131 şagird təhsil alacaq. Qurumdan qəzetimizə verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 34 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlı cəlb olunacaq. 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 498 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq. BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Onu da qeyd edək ki, 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq. Bu barədə yeni tədris ilinin başlanması barədə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib. Əmrdə qeyd olunub ki, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi məsələsi də əmrdə yer alıb. Əmrin icrasına nəzarət isə nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Bu il yeniliklərdən biri məktəbli formaları ilə bağlıdır. Belə ki, artıq yeni dərs ilindən bütün ölkə üzrə məktəblərdə yeni məktəbli formalarının tətbiqinə başlanılır. Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

Bu il – 2023-cü ildə birinci sinfə gedənlərin sayında kəskin azalma var.  Aparılan təhlillər göstərir ki, 2019-2020-ci tədris ilində dövlət əyani ümumi təhsil müəssisələrində 1-ci sinfə gedən uşaqların sayı 159644 nəfər olub. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 156328 uşaq gedib. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 153822, 2022-2023-cü tədris ilində isə 152 minə yaxın uşaq qədəm qoyub. Bu statistik rəqəmlər 1-ci sinfə gedən uşaqların sayında ilbəil azalma olduğunu göstərir. Tanınmış pediatr Vaqif Qarayev də bununla bağlı narahatlığını ifadə edib. O deyib ki, ölkəmizdə 1-ci sinfə gedən uşaqların sayı ilbəil azalır: “2019/2020-ci ildə 159 644 uşaq,  2022/2023-cü ildə – 152 000 uşaq,  2023/2024-cü ildə isə 135 000 uşaq birinci sinfə gedəcək. Rəsmi rəqəmlər düşündürməyə əsas verir, bu araşdırılmalıdır. Uşaq sayında kəskin azalma var. Maraqlıdır ki, əhalinin ümumi artımında müsbət dinamika müşahidə olunur, amma uşaq sayı azalır. Bu məsələ köklü araşdırılmalıdır. 11 ildən sonra 135 000 uşağın demək olar ki, böyük əksəriyyəti ali məktəblərə ərizə yazacaq. Niyə?!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »