![]()
”El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.”
Bu gün — 21 iyul 2026-cı ildə yenə Başlıbel camaatı elliklə bir araya gəlib. Respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış başlıbellilər xeyirxah bir əməli gerçəkləşdirmək üçün yenə birlik nümayiş etdirirlər. Bu birlik ənənəsini ulu babalarımız qoyub, yüzilliklər boyunca davam etdiriblər və bu gün də bu ənənə yaşadılır.
1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı erməni hərbi birləşmələri tərəfindən Başlıbel kəndində kəndi tərk etməyən və edə bilməyən sakinlərə qarşı dəhşətli soyqırım töradılıb, onlara divan tutulub. Həmin qanlı faciə zamanı günahsız insanları qorumaq və xilas etmək məqsədilə kəndin qəhrəman oğulları böyük şücaət göstəriblər.
Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin şəhidlərin sağ qalan sakinlər tərəfindən gizli şəkildə dəfn olunduğu yerlər aşkar edilib. Eksqumasiya olunaraq DNT analizləri vasitəsilə şəxsiyyətləri dəqiqləşdirildikdən sonra onlar yenidən həmin ərazidə dəfn olunublar.
Başlıbel kənd sakini Saməddin Məmmədovun Bashlibel.az saytına verdiyi məlumata əsasən, Qalib Əbdüləliyevin maliyyə dəstəyi ilə həmin ərazidə şəhid ailələrinin və ziyarətçilərin məzarları heç bir çətinlik çəkmədən ziyarət etmələri üçün kanat körpü salınır. Ziyarət edənlər yaxşı bilirlər ki, bu məzarlıq olduqca çətin dağlıq ərazidə yerləşir. İnşa olunan bu kanat körpü vasitəsilə həm şəhidlərimizin yaxınları, kənd sakinləri, həm də ziyarətə gələn ölkə vətəndaşları şəhidlərimizin uyuduğu müqəddəs məzarlığı rahatlıqla ziyarət edə biləcəklər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah ölkəmizin və xalqımızın birliyini qorusun!
Yalçın Ağayev

Bashlibel.az