• Be. Apr 15th, 2024

Bashlibel.az

"Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi

Xankəndi-Laçın yolunda aksiyanın 1 ayı

Yan 10, 2023

Loading

Laçın-Xankəndi yolunda etiraz aksiyasının 1 ayı tamam olur. Əlbəttə, aksiya başlayandan onun uzanacağını proqnoz etmək mümkün deyildi. Ancaq söhbət Azərbaycan üçün “qırmızı xətlər”dən getdiyi, səbir kasamız dolduğu üçün belə bir uzunmüddətli dinc tədbirə əl atılması da tam məntiqli və təbii idi.
Bu, hər şeydən öncə özünü son vaxtlar Qarabağda tam cəzasız hiss eləməyə başlamış separatçı-kriminal ünsürlərə və quldurlara, həmçinin onların Rusiya “sülhməramlıları” timsalında yerdəki havadarlarına ilk əyani şəkildə xəbərdarlıq idi ki, özlərini yığışdırsınlar, qanunlarımıza, Konstitusiyamıza hörmət eləsinlər, əks halda davamı daha sərt gələ bilər. Artıq bir aydır Laçın yolundan erməni kriminal elementlər istifadə edə bilmir. Həmçinin Ermənistanın haqsız çağırışları beynəlxalq səviyyədə ciddi dəstək tapmayıb. BMT TŞ-də Ermənistan-Fransa cütlüyünün anti-Azərbaycan təşəbbüsü tam iflas olub.
Beləcə, Azərbaycan daha bir məsələdə öz iradəsini yeridir, erməni təbliğat maşınının sonuncu “qalalarını” bir-bir dağıdır. Bu mənada, yola faktiki nəzarətimizi bərpa etməyimiz aksiyanın ən böyük uğuru, nəticəsi sayıla bilər.
Əlbəttə bu son deyil. Əsas hədəf Qarabağ anklavında suverenliyimizin bərpasıdır. Azərbaycan addım-addım bu hədəfinə yaxınlaşır. Şübhə yox ki, 2023 bu xüsusda qat-qat əhəmiyyətli, bəlkə də həlledici il olacaq. Həm də o səbəbə ki, 10 noyabr kapitulyasiya sənədində göstərilən 2020-2025-ci il (5 illik) müddətin mərkəzi ilidir, tən yarısıdır.
2025-ə bir şey qalmır və Bakı indidən öz hazırlıqlarını görmək zorundadır. Laçın yolunda davam edən aksiya şəksiz ki, bu hazırlıqların tərkib hissəsidir. Yəni Azərbaycan geri çəkilmək, heç nə olmayıbmış kimi, aksiyaya son vermək niyyətində deyil. Ta ki, əmin olmayanadək ki, erməni tərəf, eləcə də “sülhməramlı” kontingent lazımı nəticəni çıxarıb.
Bu mənada aksiyanın daha bir nəticəsini ABŞ-ın məşhur “beyin mərkəzləri”ndən olan “Karnegi” Fondunun aparıcı eksperti, “Qara və bağ” kitabının müəllifi Tomas de Valın dilindən qeyd eləmək yerinə düşər. “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində o deyib: “Düşünürəm ki, dəhliz açılandan sonra (əslində humanitar məqsədlər üçün bağlı deyil! – red.) Qarabağdakı ermənilərin əksəriyyəti çıxıb gedəcək, çünki orda yaşam şərtləri münasib deyil. Bəlkə də elə Azərbaycanın taktikası da budur: Qarabağ erməniləri konflikt olmadan, sadəcə, çıxıb getsin. Hesab edirəm ki, ermənilər üçün şərait bu gedişlə get-gedə daha da çətinləşəcək”.
Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların aksiyası bir ay ərzində əslində bütün Azərbaycan xalqının mövqeyinin ifadəçisi kimi çıxış etdi və bu aksiya bir çox məqsədlərinə nail oldu. Qarabağda Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısını bu aksiya faktiki olaraq aldı. Məqsədlərdən biri məhz bu idi. Bu aksiya həmçinin Qarabağa göndərilən Ruben Vardanyana və separatçılara başa salma əməliyyatıdır. Onlara başa salındı ki, vəziyyət heç də sizlərin düşündüyünüz kimi deyil, istənilən an boğazınız əlimizədədir, əlimizi biraz da sıxsaq boğulub məhv olarsınız. Sübut edildi ki, vəziyyət Azərbaycanın nəzarətindədir və Azərbaycan istənilən vaxt heç nəyə baxmayaraq bu yolu tamamilə də bağlaya bilər. Biz bu bir ayda əslində yolu tam bağlamamışıq, bu yolun humanitar məqsədlər üçün istifadə olunması istiqamətində tədbirlər görmüşük. Bu məsələ 10 noyabr üçtərəfli bəyanatında da öz əksini tapıb. Bu mənada ekofəalların aksiyası həm də üçtərəfıi bəyanatın həmin bəndinin reallaşdırılması üçün addım sayıla bilər. Bu yol vasitəsilə ancaq humanitar yüklər daşına bilər. Ona görə də bu aksiya ilə həmin yoldan ermənilərə silah-sursat daşınmasının da qarşısı alınıb. Xankəndidə yaşayan əhali üçün də aydən oldu ki, vəziyyətə kim nəzarətə edir. Həmçinin onlara aydın oldu ki, Azərbaycan mülki dinc erməni vətəndaşlarına qarşı deyil. Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirmək niyyətinin baş tutmaması isə Azərbaycanın mövqeyinin haqlı olduğunu, Azərbaycanın heç bir beynəlxalq humanitar hüququ pozmadığını bir daha təsdiqləmiş oldu. Bir sözlə, Laçın yolunda keçirilən aksiyanın çoxsaylı istiqamətlər üzrə yaxşı nəticələri oldu. Bu gündən sonra aksiyanın davam etdirillməsi, yoxsa dayandırılması məsələsinə gəlincə, hesab edirəm ki, Laçın yolunun sırf humanitar məqsədli yol kimi fəaliyyət göstərməsinin davamlı olması üçün nəzarət mexanizmi olaraq hansısa bir institutisonallaşma variantına keçilməlidir. Məsələn, hansısa postların qurulması, yaxud da Türkiyə-Rusiya monitorinq qrupunun hansısa postunun qurulması və digər bu kimi praktiki addımlara gedilə bilər. Qurulacaq postlar 1 aydır aksiyaçıların nəzarət funksiyasını daha instusionallaşmış, daha peşəkar formada tətbiq edə bilər. Yəni aksiya formatından institusional sistemə keçilməsi lazımdır.
Laçın yolunda azəraycanlı ekofəalların keçirdiyi möhtəşəm aksiya bütün dünyaya səs sala, dünyanın diqqətini poblemə yönəldə bildi. Haqlı tələblərimizi çatdırdıq, eyni zamanda separatçılara başa saldıq ki, bu yol gələcəkdə istənilən an ordumuz, güc strukturlarımız tərəfindən tamamilə kəsilsə siz nə edəcəksiniz. Bu aksiya Azərbaycanın humanitar hüquq normalarına ən yüksək səviyyədə əməl etdiyini də dünyaya göstərdi. Xankəndində yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi və istəklərinin azərbaycanlılar tərəfindən yerinə yetirilməsi, həmin şəxsin məmnunluqla geri qayıtması hadisəsi bu mənada çox ciddi bir nümunə oldu. Birincisi, baş verən hadisə onu göstərdi ki, Xankəndi, Xocalı və Xocavənddə yaşayan mülki ermənilərə qarşı separatçılar tərəfindən ciddi təzyiqlər var. Mülki əhalini sülhə getməyə qoymurlar. İnsanların normal yaşamaq hüquqları separatçılar tərəfindən pozulur, insanları səfalətli vəziyyətlə üz-üzə qoyublar. İkincisi, görünən budur ki, azərbaycanlı ekofəalların keçirdikləri aksiya humanitar aksiyadır, mülki əhaliyə qarşı hər hansı qərəzli niyyətimiz yoxdur, Azərbaycanlılar erməni millətindən olan mülki sakinlərə qayğı ilə yanaşmağa hazırdır.

Etibar Ağayev

One thought on “Xankəndi-Laçın yolunda aksiyanın 1 ayı”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Translate »